Kamança

4
Kamança ifaçılığının Azərbaycanda yüksək inkişafı XIX əsrin ikinci yarısından başlayaraq xanəndəlik sənətinin inkişaf etməsi ilə bağlıdır. İlk nümunələri balqabaqdan, hind qozundan hazırlanar, fil sümüyü ilə bəzədilərmiş. Bir və ikisimli kamançanın nə vaxtsa yaylı qopuzdan formalaşması güman edilir. XVI əsr Təbriz rəssamlıq məktəbinin nümayəndəsi Mir Seyid Əlinin "Musiqi məclisi" rəsm əsərində, eləcə də Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərində kamança təsvir edilmişdir.
Keçən əsrdə üçsimli, dördsimli və hətta beşsimli kamançanın mövcudluğu məlumdur. Kamança gövdəyə (çanaq), qola, aşıxlar yerləşən kəlləyə və metal dayağa (şiş) malikdir. Çanaq, qol və aşıqlar qoz ağacından xüsusi dəzgahda yonulma üsulu ilə hazırlanır. Çanağın üzünə nərə balığının dərisindən hazırlanmış üzlük çəkilir. Alətin səslənməsinin yaxşı təmin edilməsində qol ilə simlər arasındakı məsafənin dəqiq təyin edilməsi vacib şərtdir.
Alətin ümumi uzunluğu 700-800 mm-ə çatır. Çanağının hündürlüyü 175 mm, eni 195 mm-dir. Kamançanın 4 simi vardır.
Diapazonu kiçik oktavanın "lya" səsindən üçüncü oktavanın "lya" səsinə kimidir. Kamança üçün notlar "sol" açarında yazılır və yazılışından bir ton yuxarı səslənir. Xalis kvarta, kvinta intervalları ilə köklənir.