Zurna

5
Güclü və zil səsə malik zurna musiqi aləti Azərbaycan ərazisində geniş yayılmış və mədəni həyatımızda özünə məxsus yer tutmuşdur. Zurnanın "surnay" sözündən olub, sur "böyük ziyafət", nay "qarğı", "qamış" mənasını verdiyi güman edilir. Qədim insan məskənlərindən biri olan Mingəçevir ərazisində aparılan arxeoloji qazıntılar zamanı maral buynuzundan hazırlanmış dörd ədəd zurna aşkar edilmişdir.
Zurnanın tərkib hissələrinə gövdə, maşa, mil, dil, tağalaq və qapaq daxildir. Uzunluğu 280-300 mm olan gövdə əsasən ərik ağacından hazırlanır. Onun üzərində səkkiz üst pərdə, baş tərəfə yaxın isə bir alt pərdə açılır. Gövdənin enli “ayaq” hissəsindəki pərdə həmişə açıq qalır. Gövdənin diametri altıncı pərdədən başlayaraq tədricən artır və gövdə ayaq hissədə konusvari şəkil alır. Gövdəyə alətin baş hissəsi tərəfindən söyüddən hazırlanmış haça şəkilli “maşa” salınır. Onun vəzifəsi səsi nizamlamaq və gücləndirməkdir. Maşaya bürünc və ya sümükdən düzəldilmiş mil taxılır. Milə isə sədəf və ya sümükdən hazırlanmış dairəvi şəkilli “tağalaq” keçirilir. Çalğı zamanı dodaq ona toxunur. Çalğıdan sonra dil qapaqla örtülür. Zurnanın səsi zil və güclüdür.
Zurnanın diapazonu kiçik oktavanın "si bemol" səsindən üçüncü oktavanın "do" səsinə qədərdir. Zurna, əsasən, açıq havada keçirilən el şənliklərində geniş istifadə edilir. Etnoqrafik müşahidələrdən aydın olur ki, Azərbaycan xalqının ənənəvi toylarını zurnasız təsəvvür etmək qeyri-mümkündür. Açıq-aydın gur və güclü səsi olan milli nəfəsli musiqi alətinə xalq arasında "qara zurna" da deyilir. Ola bilsin ki, "qara" sözü keçmişdə zurnanın qara rəngli kəl və öküz buynuzundan hazırlanması ilə əlaqədardır.
Zurna xalq çalğı alətləri ansamblı və orkestrlərinin tərkibində də solo aləti kimi bəzi rəqslər, cəngilər və digər musiqi nümunələrinin ifasında istifadə edilir. Zurnanın solo alət kimi orkestrdə istifadə olunmasına misal olaraq Üzeyir Hacıbəylinin “Cəngi”, Səid Rüstəmovun “Qəhrəmanı”, Adil Gərayın “Cəngi” və Süleyman Ələsgərovun “Cəngi” əsərlərini göstərmək olar.

5 1