Ana səhifə » Mədəniyyət » Milli Rəqslər » Naz eləmə rəqsi

Naz eləmə rəqsi

Naz Eləmə Rəqsi 1
Milli rəqslərimiz sırasında yaddaqalan ən mükəmməl duet rəqsi Naz eləmə rəqsi hesab olunur. Naz eləmədən əvvəl və sonra çox duet rəqsi qurulub, lakin bu rəqsdə olan ecazkarlıq, tamaşaçı kütləsini heç zaman itirmir. Daim ifa olunur, sevilir və tələb olunur. Geyinişdən tutmuş, səhnə nizamı və jestlərinə kimi rəqs çox dəqiqliklə qurulub. Yaşından asılı olmayaraq rəqsi seyr edən hər kəs məzmunu da anır. İfaçılar obrazında da naz, işvə, qəmzə, incə hisslər əsas yer tutur. Duet rəqslər hisslərlə bağlı olan bir rəqslərdir. Bu rəqslər bizim ənənələrimizi, milli əxlaqi hisslərimizi əks etdirir. Qədimlərdə sevgiləri açıq-aşkar elan etmək olmazdı və onu bir hərəkətlə və ya bir baxışla elan edərdilər. Burda iki gəncin bir-birinə olan məhəbbəti, bir oğlanın bir qıza sevgisi və mədəni formada hissləri təqdim olunur.
Bu rəqsin quruluşu 1942-ci ildə Vətən suitası rəqsinin tərkibində olub, sonralar solo rəqsi kimi təqdim olunub. Musiqi və quruluşu Əlibaba Abdullayevindir və ilk dəfə özü onu ifa edib. Əlibaba Abdullayev quruluş verdiyi duet rəqslərdə Naz eləmə yeganə rəqsdir ki, onda kişi qadının əlindən tutub səhnəyə çıxardır. Bu rəqs 2.45 dəqiqə gedirmiş, daha sonralar biraz artırılıb və ifa baxımından mürəkkabləşdirilib.
Bu rəqsin bir çox mahir ifaçısı olub: Qorxmaz Qurbanov, Etibar Zeynalov, Kamil Dadaşov, Azad Hüseynov, Rafiq Əzizov, Roza Cəlilova, Aliyə Ramazanova, Nailə Mahmudova, Nisə Rəhimova. Lakin, ən gözəl ifaçılarından : Xanlar Bəşirov və Cəmilə Bayramova olublar.

Naz Eləmə Rəqsi 2
Naz Eləmə Rəqsi 3