Ganja European Youth Capital

Gəncə şəhəri Avropa ölkələri arasında keçirilən "Avropanın Gənclər Paytaxtı 2016" müsabiqəsinin qalibidir.

Nəqliyyat

400 000-ə yaxın əhalinin hərəkətini təmin edən ictimai nəqliyyat vasitələri.

Ana səhifə » Mədəniyyət » Milli Rəqslər » Vağzalı rəqsi

Vağzalı rəqsi

Vağzalı Rəqsi 1
Vağzalı rəqsi Azərbaycan xalqının ən sevimli rəqslərindən biridir. Son dərəcə zərif, ürəyə yatan melodiya, incə, yumşaq hərəkətlər, bu rəqsi xalq arasında daha geniş yaymışdır. Vağzalı rəqsi – Azərbaycanda xalq arasında əsasən "gəlin havası" kimi qəbul olunan rəqsdir. Azərbaycanda elə bir toy olmur ki, orada vağzalının cazibədar sədası eşidilməsin. Vağzalı çox qədim, hətta öz adından da xeyli qədim rəqsdir. Hələ XVl əsrdə Azərbaycanda məskunlaşmış Qaraqoyunlu qəbiləsinə məxsus olmuşdur. Təkcə bir melodiya əsrimizə qədər gəlib çatmışdır ki, qaraqoyunluların nəslindən olub, hazırda Şəki rayonunun Təpəcənnət, Çay Qaraqoyunlu, Dərəcənnət, Hətəm obası, Şirinbulaq, Kəhriz və başqa kəndlərdə yaşayanlar qoruyub saxlamışlar. Vağzalı rəqsinin əsasını təşkil edən, əvvəllər "Qarabağın ağırı" adlanan qədim melodiya əsrlər keçdikcə şaxələnərək mövcudluğunu iki "Asta Qarabağı" və XlX əsrin sonu XX əsrin əvvəllərindən "Vağzalı" adları altında saxlamaqdadır. Keçmişdə iri şəhər və qəsəbələr arasında yeganə müasir nəqliyyat vasitəsi qatarlar olduğundan gəlini digər şəhərə vağzaldan həmin bu həsrət və sevinc dolu "Qarabağın ağırı" sədaları altında yola salarmışlar ki, sonralar bu rəqs xalq arasında "Vağzalı" adı altında məşhurlaşmışdır. Rəqsə qulaq asarkən bu musiqinin sevinc və həsrət ruhundan yoğrulduğunu zənn etmək olar. Elə bil bir ailə övladını yola salır, digəri isə bir övladını qarşılayır.
Rəqsin musiqisi incə və lirikdir. Rəqsin özü insanda qeyri iradi kövrək, zərif hisslər oyadan süzücü və alıcı rəqs elementlərindən ibarətdir. Kecmişdə bu rəqs məşəl və atəş səsləri altında toy evinə qədər müşayət olunardı. İndinin özündə də bu rəqsin melodiyası Azərbaycan toylarının rəmzi olaraq qalmaqdadır.