Xəbərlər

Ana səhifə » Mədəniyyət » Türkiyənin Gəncədəki Baş konsulu AMEA Gəncə Bölməsində

Türkiyənin Gəncədəki Baş konsulu AMEA Gəncə Bölməsində

7894

Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsində Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş konsulu  Zeki Öztürk ilə görüş keçirilib.

Rəsmi qonağı AMEA Gəncə Bölməsinin akademik katibi, əməkdar elm xadimi, akademik Fuad Əliyev salamlayaraq ona qədim Gəncə şəhərində Baş konsul kimi fəaliyyətində uğurlar arzu edib. Akademik xalqlarımız arasında minillikərə istinad edən qardaşlıq və dostluq münasibətlərinin olduğunu diqqətə çatdırıb, Gəncə şəhərinin əsrlər boyu elm və mədəniyyət mərkəzi kimi inkişaf etdiyini, burada milli-mənəvi dəyərlərin qorunduğunu vurğulayıb.

Ulu Öndər Heydər Əliyevin müstəqil dövlətimizə rəhbərlik etdiyi dövrdə xalqlarımız və dövlətlərimiz arasında əlaqələrin hərtərəfli inkişafının təməlini qoyduğunu bildirən  Fuad Əliyev bu müdrik siyasətin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, bunun nəticəsində ölkələrimiz arasında qarşılıqlı münasibətlərin ən yüksək diplomatik səviyyədə olduğunu qeyd edib.

“1918-ci ildə Şərqin ilk demokratik dövləti kimi yaranan Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini tanıyan Türkiyə Cümhuriyyəti 90-cı illərin sonunda yenidən azadlığını bərqərar edən ölkəmizi rəsmən tanıyan ilk dövlət oldu. Bu isə, Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi: “Bir millət – iki dövlət” kəlamını bütün bəşəriyyətə sübut etdi”- deyə Akademik Fuad Əliyev bildirib.

Fuad Əliyev AMEA-nın Gəncə Bölmədə son illərdə əldə edilmiş əsas elmi nailiyyətlərdən bəhs edərək, burada aparılan fundamental tədqiqatlar, ictimai və humanitar elmlər sahəsində qazanılmış uğurlardan bəhs edib, Bölmənin beynəlxalq elmi əməkdaşlığının inkişaf etdirildiyini, çoxsaylı layihələrdə əməkdaşların qalibiyyət əldə etdiklərini diqqətə çatdırıb.

Görüşdə xüsusi ilə 100 illik yubileyi ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən qeyd edilən Azərbaycan Xalq Cümhuriyyətinin şanlı Qafqaz İslam Ordusunun Gəncədə formalaşdırıldığı qeyd edilib.  Bu il Bölmədə Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı olan Gəncə şəhərindəki üç aylıq fəaliyyətinə həsr edilmiş 5 monoqrafiyanın nəşr edildiyi  qonağın diqqətinə çatdırılıb.

AMEA-nın Gəncə Bölməsinin Türkiyənin Ali Bilim Qurumu olan TÜBİTAK, həmçinin Qara Dəniz Texniki Universiteti, Səlcuq və Ərciyəs Universitetləri ilə təbiət və humanitar elmlər sahəsində olan əməkdaşlıqdan da söhbət açılıb, Gəncənin qədim arxeoloji və etnoqrafik irsinin araşdırılması, tarixinə dair arxiv sənədlərinin tədqiqi məqsədilə Türkiyə alimləri ilə birgə yeni layihələr həyata keçirmək imkanlarına dair müzakirələr aparılıb.

Zeki Öztürk səmimi qarşılanmaya və ətraflı məlumata görə təşəkkürünü bildirib.

Daha sonra Zeki Öztürk  Bölmənin tədqiqat laboratoriyaları ilə yaxından tanış olub.


46368208 498348513987907 2781248085894889472 N
46371053 293141538206846 6892813028450893824 N