Gəncə Dövlət Flarmoniyasında Azərbaycan aşıq yaradıcılığının böyük nümayəndəsi, Əməkdar İncəsənət Xadimi Aşıq Şəmşirin (Şəmşir Qurban oğlu Qocayevin) anadan olmasının 125 illiyi münasibəti ilə tədbir keçirilib.
Gəncə şəhər İcra Hakimiyyətnin və Kəlbəcər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə ziyalılar, veteranlar, ağsaqqallar, ictimaiyyət nümayındələri, Goranboy və Samux rayonlarından dəvət olunmuş qonaqlar iştirak edilbər.
Tədbir iştirakçıları əvvəlcə Aşıq Şəmşirin Göygöl rayonunda yerləşən büstü önünə gül dəstələri düzərək, hörmət və ehtiramlarını bildiribər.
Sonra Gəncə Dövlət Flarmoniyasın foyesində ustad aşığın əlyazmalarından, haqqında yazılmış kitablardan, xatirələrdən, özünün seçmələrindən hazırlanmış sərgiyə baxış keçirilib.
Yubiley gecəsində Ümummilli lider Heydər Əliyevin xalqımızın ən qədim mənəvi dəyərlərindən olan aşıq sənətinə, XX əsr Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndələrindən biri Aşıq Şəmşirin yaradıcılığına göstərdiyi diqqət və qayğıdan danışılıb, Prezident cənab İlham Əliyevin Sərəncamı ilə söz ustadının 125 illik yubileyinin ölkəmizdə silsilə tədbirlərlə qeyd edildiyi vurğulanıb.
Tədbirdə Kəlbəcər rayon Mədəniyyət Evinin aşıqları və tanınmış incəsənət xadimləri çıxış edərək, saz havaları üstündə Dədə Şəmşirin şeirlərini səsləndirib, ustadın yazdığı şeirləri, bir-birindən zəngin saz havaları ifa edərək tədbirə toplaşanlarda əsl bayram əhval-ruhiyyəsi yaradıblar.
Sonda Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən tədbirin təşkil olunmasında fərqlənənlərə xatirə hədiyyələri təqdim olunub.