Xəbərlər

Ana səhifə » Təhsil » Gəncə Dövlət Universitetinin 80 illik yubileyi qeyd olunub

Gəncə Dövlət Universitetinin 80 illik yubileyi qeyd olunub

Gence

Respublikamızın Qərb bölgəsində ən böyük ali təhsil müəssisəsi olan Gəncə Dövlət Universitetinin bu il fəaliyyətə başlamasından 80 il keçir. Bu münasibətlə universitetdə təntənəli yubiley tədbiri keçirilib.

Yubiley tədbirində Təhsil naziri Ceyhun Bayramov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, respublikamızın və dünyanın bir sıra nüfuzlu universitetlərinin, elm-təhsil mərkəzlərinin rəhbərləri, nümayəndə heyətləri, görkəmli alimlər, Milli Məclisin deputatları, ictimai-siyasi xadimlər və universitetin professor-müəllim heyəti iştirak edib.

Tədbir iştirakçıları Gəncə şəhərinin mərkəzinə gələrək Heydər Əliyev meydanında Ümummiilli Liderin abidəsini ziyarət edib, önünə əklil və tər çiçəklər düzüb, xatirəsini anıblar.

 

Əvvəlcə sahəsinə görə universitetin ən böyük tədris binası olan 5-ci korpusun əsaslı yenidənqurmadan sonra açılışı olub.

Bildirilib ki, yeni tədris binası universitetin daxili imkanları hesabına müasir təhsil standartları səviyyəsində yenidən qurulub. Ümumi ərazisi 4,8 hektar olan 4 mərtəbəli tədris binası müasir infrastruktura və zəngin maddi texniki bazaya malikdir. Ərazidə 2 mərtəbəli tədris binası, 99 otaq (42 auditoriya, 52 ofis), idman və 306 yerlik iclas zalı, kiçik iclas zalı, tibb məntəqəsi, yeməkxana və 4 min 200 kvadratmetr idman sahəsi var. Həmçinin yeni tədris binasının nəzdində Heydər Əliyev guşəsi, universitetin tarixini əks etdirən muzey, sahəsi 360 kvadratmetr olan Nuru Paşa adına 30 min kitab fonduna malik kitabxana, Əlil Tələbələr üçün Mərkəz, Müasir Təlim Mərkəzi, E-Öyrənmə Mərkəzi, Aleksandr Düma adına Fransa Mədəniyyət Mərkəzi, Dil Resursları Mərkəzi və iki müxtəlif istiqamətlərdə fəaliyyət göstərəcək Kompüter Mərkəzi yaradılıb.

Təhsil Nazirliyinin, ali təhsil müəssisələri rektorlarının, deputatların, universitetlə əməkdaşlıq edən xarici ali təhsil ocaqlarının nümayəndə heyətlərinin də iştirak etdiyi tədbir Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə Gəncə Dövlət Universitetinin keçdiyi şərəfli yolu və müasir inkişaf istiqamətlərini əks etdirən videoçarx izlənilib.

Yubiley tədbirində çıxış edən GDU-nun rektoru, professor Yusif Yusibov universitet haqqında məlumat verərək bildirib ki, zəngin ənənələrə, özünəməxsus tarixi keçmişə malik olan bu ali təhsil ocağı ötən 80 il ərzində təkçə ölkəmiz üçün yox, həmçinin qonşu respublikalar üçün də peşəkar, səriştəli pedaqoji kadrlar hazırlamış və qərb regionunda maarifçiliyin inkişafında öz xidmətlərini göstərmişdir. Gəncə Dövlət Universitetinin maarif istiqamətində təhsil almış məzunları bu gün Azərbaycanın müxtəlif şəhər, rayon və kəndlərində, xüsusilə də qərb regionunda pedaqoji fəaliyyətlə məşğul olurlar.  Ali təhsil ocağının yaranma tarixinə diqqət çəkən rektor bildirib ki, Gəncə Dövlət Universiteti Azərbaycan Xalq Komissarları Sovetinin 14 aprel 1938-ci il tarixli qərarı ilə Gəncə şəhərində İkiillik Müəllimlər İnstitutu kimi 23 müəllim və 244 tələbə ilə fəaliyyətə başlayıb. Hazırda isə universitetdə 8 fakültə, 13 şöbə, 8 mərkəz fəaliyyət göstərir, 6 mindən çox tələbə təhsil alır, onların təlim-tərbiyəsi ilə 550 nəfərə qədər professor-müəllim heyəti məşğul olur.Universitet yüksək keyfiyyətli maddi-texniki bazaya malikdir və onun 5 tədris binası, tələbə yataqxanası və 655 min nüsxə kitab fonduna malik kitabxanası var. Yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün 32 tədris laboratoriyası, 5 ixtisas kabineti, 2 tədris emalatxanası,12 kompüter mərkəzi və geniş auditoriyalar mövcuddur. Hazırda bakalavriat səviyyəsində 40, magistratura səviyyəsində 63 ixtisas üzrə kadr hazırlığı aparılır. 2017-ci ildə müasir idarəetmə sisteminə uyğun olaraq strukturun optimallaşdırılması məqsədilə yeni İnnovasiyalar Departamenti və onun nəzdində 5 şöbə, 8 mərkəz, 6 tədris və 1 elmi-tədqiqat laboratoriyası, həmçinin Əlavə Təhsil fakültəsi yaradılıb. Son illər Gəncə Dövlət Universitetində tələbə qəbulu planının yerinə yetirilməsi 97 faizə qədər yüksəlib.  Hazırda 90 nəfərdən çox tələbə “Gələcəyin müəllimi” təqaüdünü alır. Elm və təhsil inteqrasiyası üzrə universitetin 40-dək xarici ölkə, respublikadaxili universitetlərlə və AMEA-nın Elmi-tədqiqat institutları ilə qurulmuş əlaqələri beynəlxalq əməkdaşlığa və təhsil mübadilə proqramlarına xidmət edir.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək GDU-nun 80 illik yubileyi münasibəti ilə kollektivi təbrik edib. O bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş təhsil islahatı ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Gəncə Dövlət Universitetinin istifadəyə verilən yeni tədris korpusu möhtərəm Prezident, cənab İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Burada yaradılan şərait təhsilin səviyyəsini müasir Avropa standartlarına uyğunlaşdırır.  Fərəhli haldır ki, GDU-da təhsilin inkişafı onun reytinqini daha da artırmışdır. İndi yalnız qərb bölgəsindən deyil, respublikanın müxtəlif guşələrindən olan yüksək ballı abituriyentlərin də Gəncə Dövlət Universitetini seçməsi diqqətəlayiqdir. Əsas məqsəd gələcəyin vətənpərvər, ziyalı vətəndaşını, yüksək sə­viy­yəli mütəxəssisini hazırlamaqdır. Odur ki, qarşıdakı məqsədə çatmaq üçün professor-müəllim heyətinin üzərinə böyük vəzifələr düşür. Ümidvarıq ki, kollektiv bu işin öhdəsindən layiqincə gələ biləcəkdir.

Azərbaycan Respublikasının Təhsil Naziri Ceyhun Bayramov tədbir iştirakçılarını salamlayaraq, ölkədə təhsilə göstərilən diqqət və qayğıdan söz açıb. O qeyd edib ki, Prezident İlham Əliyevin Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nı təsdiqləməsindən ötən 5 il ərzində təhsilin müxtəlif pillələrini əhatə edən istiqamətlər üzrə mühüm dövlət sənədləri qəbul edilib və layihələr həyata keçirilib. Son dövrlərdə ali təhsilin əhatəlilik səviyyəsi əhəmiyyətli şəkildə artıb. Belə ki, 2018-2019-cu tədris ili üzrə qəbul imtahanlarının nəticələrinə əsasən, əvvəlki illərlə müqayisədə rekord sayda – 41 min abituriyent tələbə adını qazanıb, 500 və daha artıq bal toplayan məzunlar arasında 2090 nəfər müəllimlik ixtisasını seçib. Gəncə Dövlət Universiteti də bu gün özünün elmi və ictimai göstəricilərinə görə ölkəmizin aparıcı universitetlərindən biri hesab oluna bilər. Beynəlxalq əlaqələri artan Gəncə Dövlət Universitetinin müəllim və tələbələri Respublikamızı xarici ölkələrdə müxtəlif sahələrdə uğurla təmsil edirlər. Bu da sözsüz ki, olduqca sevindirici haldır.

Sonra Prezident İlham Əliyevin 2018-ci il 31 oktyabr tarixli Sərəncamları ilə təhsilin inkişafındakı xidmətlərinə görə Gəncə Dövlət Universitetinin Fəxri adlarla və “Tərəqqi” medalı ilə təltif olunan23 nəfər əməkdaşına dövlət mükafatları təqdim edilib.


47285186 285942355390939 2933054916152786944 N
47095299 586986728416159 175301658576683008 N
47238418 257935824885400 7198409404784312320 N
47228540 357757021437087 5220162208574472192 N
47292422 363286927577033 5767763374809022464 N
47115095 1812393238869983 4551031987762102272 N
47283307 313582196150616 8261584702998052864 N
47158936 2282858965090835 5918352981270462464 N