Ganja European Youth Capital

Gəncə şəhəri Avropa ölkələri arasında keçirilən "Avropanın Gənclər Paytaxtı 2016" müsabiqəsinin qalibidir.

Gəncə ŞİH Başçısı

 Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Ana səhifə » Təhsil » Məktəblər » Gəncə şəhər 21 nömrəli pilot tam orta məktəb

Gəncə şəhər 21 nömrəli pilot tam orta məktəb

21 2
Ünvan: Gəncə şəhər, Məhsəti Gəncəvi qəsəbəsi
Telefon: +994.22.259.02.21
Email: gence.21mekteb(AT)mail.ru
Rəhbərin adı: Vidadi Quliyev
Rəhbərin email ünvanı: q.vidadi(AT)mail.ru
Üzvlər: 1071 nəfər

Gəncə şəhər 21 nömrəli tam orta məktəbin direktoru ixtisasca Azərbaycan dili və ədəbiyyatı müəllimi, qabaqcıl təhsil işçisi döş nişanı ilə təmin olunmuş Vidadi Əli oğlu Quliyevdir.

Hələ 1999-cu ilə qədər 2000-ə yaxın əhalisi olan Gəncə şəhər “Sevinc” yaşayış massivində məktəbin olmaması qəsəbə sakinləri üçün problem yaratdığı bir vaxtda Gəncə şəhər Təhsil İdarəsi, Təhsil Nazirliyinin 05 oktyabr 1999-cu il tarixli 144 nömrəli əmri ilə Gəncə şəhər “Sevinc” yaşayış massivində ümumtəhsil 7 otaqdan ibarət uyğunlaşdırılmış binada təşkil edildi. 21 nömrəli tam orta məktəb 7 il uyğunlaşdırılmış binada fəaliyyət göstərdi. 2007-ci il fevralın 15-də 640 yerlik yeni müasir tələblərə cavab verən məktəb binası tikilib istifadəyə hazır oldu.

2007 ci il fevralın 15 də Gəncə şəhərində 21 nömrəli tam orta məktəbin açılışı oldu.
Məktəbdə yaradılmış Heydər Əliyev, tarix, ədəbiyyat muzeyləri və hərbi kabinet, informatika kabinetləri fəaliyyət göstərir. Onu da qeyd edim ki, H.Əliyev muzeyi şagirdlərimizin ən gözəl ekskursiya məkanıdır.

1999-cu ildə 25 müəllim, 301 şagirdlə fəaliyyətə başlayan 21 nömrəli tam orta məktəbin bu gün 90 müəllimi, 1063 şagirdi vardır.
Fəaliyyət müddətində təhsilin inkişafı, formalaşdırılması, məktəb işinin düzgün qurulması haqqında Təhsil Nazirliyi tərəfindən hazırlanmış tapşırıq və göstərişlərə, normativ sənədlərə, təlimatlara və qəbul edilmiş təhsil qanununun qarşıya qoyduğu vəzifələrə layiqincə əməl edən 21 nömrəli tam orta məktəbin pedoqoji kollektivi ayrı-ayrı illərdə təhsil sahəsində uğurlar qazanmış, şəhər məktəbləri arasında fərqlənmişdir.

21 nömrəli pilot tam orta məktəb 2011-2012-ci tədris ilində Respublikada keçirilən “Ən yaxşı ümümtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuş, Cənab Prezident İlham Əliyevin fərmanına əsasən 10 000 manat pul mükafatı ilə mükafatlandırılmışdır.

24 dekabr Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Ad gününə həsr olunmuş “Prezidentimiz Bilik Yarışı”nda məktəbin heyəti III yeri tutduğuna görə Gəncə şəhər Təhsil İdarəsi və “Bilik körpüsü” Hazırlıq və Repetitorlar Mərkəzi tərəfindən Fəxri Fərmanla təltif olunmuşlar.
Onu da qeyd etməliyəm ki, məktəb 2010-2011-ci tədris ilində Təhsil Nazirliyinin və Almaniyanın Konrad Adenaur Fondu ilə birgə təşkil etdiyi “Demokratiya Sizinlə başlayır” layihəsi çərçivəsində Simuliyasiya oyunlarının keçirilməsində məktəbin 25 şagirdi və 3 müəllimi Respublika məktəbləri arasında iştirak etmiş və qalib yerlərə layiq görülmüşlər.

2009-2010-cu tədris ilində XI sinif şagirdlərinin - 85 %-i, 2010-2011-ci tədris ilində 94%-i, 2011-2012-ci tədris ilində isə 65%-i attestat almışdır. Əgər 3 illik qəbul nəticələrinə nəzər salsaq görərik ki, dinamik artım özünü göstərir. Ötən tədris illərində 2 nəfər şagirdimiz 600-dən çox bal toplamış, 20 nəfər şagirdimiz isə Respublikanın müxtəlif ali məktəblərinə daxil olmuşdur. Onlardan 1 nəfəri isə Heydər Əliyev adına Ali Hərbi Akademiyaya daxil olmuşdur.

Məktəbin idman salnaməsi çox zəngindir. İdman zalı standartlara cavab verir. Məktəbimiz məktəblər arasında birincilər sırasındadır. İdman növləri üzrə göstəricilər aşağıdakı kimidir:

  • “Şahin” hərbi-idman komandası şəhər qalibi.
  • “Sərbəst güləş” üzrə - 2 nəfər Respublika çempionu;
  • “Karate-do” üzrə - 3 nəfər Respublika çempionu;
  • “Kikboksinq” üzrə - 2 nəfər Respublika çempionu;
  • “Kikboksinq” üzrə - 1 nəfər Dünya çempionu  Babayev Pərvin Samir oğludur.

Məktəbimizdə xüsusi istedadlı uşaqlarla iş mərkəzi yaradılmış, şagirdlərimiz bu sahədə daim yüksək nəticələr göstərirlər.
Şəhər üzrə keçirilmiş fənn olimpiadasında iştirak edən 32 nəfər şagirddən 22 nəfəri qalib yerləri paylaşmış, 3 şagirdimiz isə respublika fənn olimpiadasında iştirak ermək hüququ qazanmışlar. Deməliyəm ki, 2010-2012-ci illər, yəni son 3 ildə bizim şagirdlər ardıcıl Respublika fənn olimpiadasında iştirak etmiş və müxtəlif yerlər üzrə qalib olmuşlar.

Həmçinin məktəbimizin şagirdləri müxtəlif şəhər və Respublika müsabiqələrinin qalibləridir:
2010-2012-ci illər arasında şagirdlərimiz rəsm , şer müsabiqələrində I, II, III yerlərə layiq görülmüşlər.
Bu il məktəbimizdə Nizami Gəncəvinin 870 illik yubileyi ilə əlaqədar “Nizami lirikası və Milli-Mənəvi dəyərlərimiz”, “Fənn kurikulumlarının tətbiqi” mövzusunda geniş şəhər konfransı keçirilmişdir. Xüsusi istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə bir neçə tədbirlər həyata keçirilmişdir. Belə ki, xüsusi istedadlı şagirdlər üçün məntiqi təfəkkürün və tənqidi təfəkkürün inkişaf etdirilməsi üçün xüsusi test tapşırıqları hazırlanır və məşğələlər getdikcə zənginləşdirilir.

Kollektivin 90%-i gənc kadrlardan ibarətdir və müəllimlərimiz dərslərin təşkilində İKT-dən geniş istifadə edirlər. Məktəbin 36 ədəd kompüteri və 3 kompüter otağı var. Müəllimlər və şagirdlər kompüterlərdən dərs zamanı səmərəli istifadə edir, inkişaf yönümlü innovativ təhsil üsullarından və müxtəlif fənnlər üzrə elektron dərsliklərdən daim istifadə edirlər. Məktəbimizin müəllimlərindən Azərbaycan dili və ədəbiyyat müəllimi Mahmudova Elnarə Natiq qızı və ibtidai sinif müəllimi Əhmədova Yeganə Hidayət qızı “İnnovativ müəllim” müsabiqəsinin qalibi olmuş, diplom almış və məktəbin riyaziyyat müəllimi Qasımov Məsdan Nadir oğlu “Tərəqqi medalı” ilə təltif olunmuşdur.

Məktəbdə lokal şəbəkə mövcuddur və internetə qoşulmuşdur.
I-V siniflərdə kurikulum uğurla tətbiq olunur. Həmin siniflərdə dərs deyən müəllimlər təkmilləşdirmə kurslarından keçmiş və sertifikat almışlar. Müəllimlərimiz mütəmadi olaraq kurslara cəlb olunurlar və müxtəlif layihələrdə, seminarlarda iştirak edirlər. Həmçinin müəllimlərimiz kurikulum mərkəzlərində həm təlimçi, həm də dinləyici kimi çıxış edirlər. Məktəbimizdə hər həftənin VI günü ibtidai sinif müəllimləri və VI sinifdə dərs deyəcək ixtisas müəllimləri ilə “Kurikulum proqramlarının tətbiqi vəziyyəti” barədə seminar keçirir və fikir mübadiləsi aparırlar. Artıq VI siniflər üçün məktəbdaxili hazırlıq mərhələsinə başlanmışdır.

Məktəbdə ədəbiyyat, tarix və informatika fənnləri üzrə dayaq məntəqəsi fəaliyyət göstərir. Dayaq məntəqələri texniki cəhətdən tam təchiz olunmuşdur. Bir çox ixtisas müəllimlərimiz “Öyrədənin öyrədəni” kimi çalışırlar. Biz dərk edirik ki, Azərbaycan təhsilində keçirilən islahatların həyata keçməsi üçün müəllim ordusunun çiyinlərinə çox böyük məsuliyyət düşür. Bu ordunu hazırlamaq üçün təlimçi müəllimlərin olması bir rəhbər olaraq bizi də düşündürür. Odur ki, 2011-ci ildə 10 günlük Bakı şəhərində Dünya Bankı və UNİCEF –in təşkil etdiyi “V sinif müəllimləri üçün təlimçilərin hazırlanması” kurslarında müxtəlif ixtisaslar üzrə 6 nəfər müəllimimiz təlimçi kimi uğurla iştirak etmiş və hal-hazırda təlimçi kimi fəaliyyət göstərirlər. Məktəbin pedoqoji kollektivi yeni təlim metodlarını, müasir texnologiyaları uğurla tətbiq edir.

Məktəb rəhbərliyi olaraq biz də yeni təlim metodlarının tələbinə uyğun olaraq I-V siniflərdə Ana dili, riyaziyyat, həyat bilgisi fənləri üzrə hər yarımilin sonunda məktəbdaxili monitorinqlər keçiririk. Bu da məktəbdə təlim nəticələrini dəyərləndirməyə, müəllimlərin işinin keyfiyyəti haqqında nəticələr əldə etməyə, inkişaf dinamikasını izləməyə imkan verir.

Məktəbdə nizam- intizam daim nəzarətdə saxlanılır. Şagirdlərin geyimi məktəbli formasıdır. Gündəlik dərsə davamiyyət 100%-ə yaxındır.
Məktəbdə valideyn - müəllim assosiyasiyası VMA-sı fəaliyyət göstərir. Məktəbdə VMA-nın prezidenti seçilmiş, bank əməliyyatı aparılmış və bu haqda valideynlərlə sıx əlaqə saxlanılaraq maarifləndirmə işləri aparılır. Əlbəttə ki, islahatın həyata keçirilməsində valideyn bizim siyasi qüvvəmiz olduğuna görə, biz valideynləri müntəzəm olaraq islahat haqqında maarifləndirir, onların dərslərdə və məktəb həyatında səmərəli iştirakını təmin edirik. Valideyn - müəllim assosiyasiyası hər il məktəbin cari təmirinə kömək edir. Belə ki, 2010-2011-ci tədris ilinin I yarımilində VMA-sı və məktəb rəhbərliyi tərəfindən məktəbin həyətində “şəhidlər bulağı” tikilmiş, bulağın ətrafında 200-ə yaxın ağac əkilmişdir. “Sevinc” qəsəbəsində 12 nəfər şəhid ailəsi yaşayır. Biz “Şəhidlər bulağını” həmin ailələrə təsəlli, şagirdlərimizə isə qəhrəmanlıq simvolu kimi inşa etmişik. Məktəbin kollektivi şəhid ailələri ilə daima əlaqə saxlayır, onların ən zəruri ehtiyaclarını imkan daxilində ödəməyə çalışırlar.

Məktəbimizdə “Vətən üçün canım fəda”, “Torpaq uğrunda ölən varsa, Vətəndir” və “Qəhrəmanlar doğulmur, Qəhrəman olurlar” mövzuları ilə keçirilən tədbirlərdə məqsədimiz şagirdlərdə vətənpərvərlik ruhunu aşılamaq və vətən torpağı uğrunda şəhid olan hər bir kəsin şəhidlik zirvəsində daim ucalması və onlara qarşı məhəbbət hissini aşılamaqdan ibarətdir.

Sosial və ictimai fəaliyyət

Vətənə layiqli, vətənpərvər şagirdlər tərbiyə etmək.


21 1
21 3
21 4
21 5
21 6
21 7